Tovuz döyüşlərindən şanlı Zəfərədək - REPORTAJ

14:27 13.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Altı il əvvəl Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi təxribat Azərbaycan Ordusunun qətiyyətli cavabı ilə nəticələndi. Tarixə “Tovuz döyüşləri” kimi düşən həmin hadisələr təkcə cəbhə xəttində deyil, sərhəd kəndlərində yaşayan insanların həyatında da dərin iz buraxdı. Ağdam kəndində o günlərin xatirələri bu gün də ilk günkü kimi yaşayır.

Hafta.az xəbər verir ki, hazırda Tovuzun Ermənistanla sərhədində yerləşən Ağdam kəndində həyat öz axarı ilə davam edir. Kəndin girişində ucalan Qaraqaya isə altı il əvvəl burada yaşananları sanki öz yaddaşında qoruyub saxlayır. 2020-ci ilin iyulunda düşmənin məhz bu istiqamətdə törətdiyi təxribat bölgənin tarixində yeni bir səhifə açdı. O ağır günlərdə hadisələri işıqlandırmaq üçün üz tutduğumuz bu kəndə bu dəfə sakinlərin xatirələrini dinləmək üçün gəlmişik.

“Həmin gün çox yaxşı yadımdadır, o hadisələr heç vaxt yaddan çıxmaz. Hamı öz gündəlik işi ilə məşğul idi. Birdən güclü atışma başladı. Həyətə çıxanda bizim hərbi mövqelərin minaatan, pulemyot və avtomatlardan şiddətli atəşə tutulduğunu gördüm. Əlbəttə, çətin və ağır günlər idi. Amma bizi qürurlandıran o oldu ki, kənddə heç kim qorxmurdu, heç kəs evini tərk etmədi. Ağdam kəndi həmişə belə hadisələrin mərkəzində olduğundan, bir növ öyrəşmişdik. Ən əsası ordu ilə xalq arasında sarsılmaz bir birlik var idi. Çox keçmədi ki, təxribat törədən düşmənin başı əzildi”, – deyə həmin günləri xatırlayan kənd sakini Kərəm Abdullayev bildirir.

Tovuz döyüşləri Ağdam kəndinin yaddaşında həm qəhrəmanlıq rəmzi, həm də ağır itkilərlə qalıb. Vətən uğrunda gedən döyüşlərdə igid oğullarımız, yüksəkrütbəli zabitlərimiz və generalımız şəhidlik zirvəsinə ucaldı. Onların arasında kəndin öz yetirmələri ilə yanaşı, düşmən hücumlarının hədəfinə çevrilən mülki sakinlər də var idi.

Hadisələr zamanı evinin həyətində təsərrüfat işləri ilə məşğul olarkən düşmən mərmisinin qəlpələrindən həlak olan mülki sakin Əziz Əzizovun xatirəsi kənddə daim hörmətlə anılır. Şəhidin qızı Zərnişan Əzizqızı atasının, eləcə də digər ailə üzvlərinin döyüşlər zamanı doğma yurdlarını tərk etmədiklərini vurğulayır: “Səhər saatları idi, birdən atışma başladı, ardınca isə ağır artilleriyadan istifadə etdilər. Kəndimiz intensiv atəşə tutulurdu. Atam evimizə düşən mərminin qəlpələri nəticəsində şəhid oldu, kəndə çox böyük ziyan dəydi. Tovuz döyüşlərində sanki bıçaq sümüyə dayanmışdı, hamı bir nəfər kimi ayağa qalxdı. Həmin birliyin davamı olaraq 44 günlük Vətən müharibəsində torpaqlarımızı geri qaytardıq və bu gün suveren ölkəmizdə sülh, sabitlik içində yaşayırıq. O günlərdə xalq-ordu birliyi ən yüksək səviyyədə idi. Sonradan bir əsgərdən öyrəndik ki, atam iyulun 14-ü səhər tezdən – şəhid olmazdan bir qədər əvvəl bağdan alma yığıb mövqeyə aparıbmış. Əsgərlərə deyib ki, döyüşdəsiniz, bəlkə suya əliniz çatmaz, bunları yeyin. Atam rəhmətə gedəndən sonra o əsgər bizə gəlib dedi ki, “Səhər bizə meyvəni o kişi vermişdi”.

Altı il öncə iyul ayında Ağdam kəndində əkin-biçin və məhsul yığımı dövrü idi. Sakinlər təhlükəyə baxmayaraq, döyüşlərin getdiyi günlərdə belə təsərrüfat işlərini dayandırmırdılar. Təkcə bu kənddə döyüşlər zamanı 10-dan çox yaşayış və qeyri-yaşayış evinə, eləcə də mülki infrastruktura, qaz, elektrik və su təsərrüfatına ciddi ziyan dəymişdi. Həmin ziyan qısa müddət ərzində dövlət tərəfindən yaradılmış xüsusi komissiya tərəfindən müəyyənləşdirildi və tamamilə bərpa olundu.

Tovuz döyüşlərində Azərbaycan-Ermənistan sərhədində yazılan qəhrəmanlıq salnaməsi müasir tariximizin ən şərəfli səhifələrindən biridir. İyul döyüşlərində alovlanan xalq-ordu birliyi və intiqam hissi cəmi iki ay sonra başlayacaq 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin möhkəm təməlinə çevrildi. Qisas döyüş meydanında layiqincə alındı, torpaqlarımız işğaldan azad edilərək ölkəmizin suverenliyi tam bərpa olundu. Bu gün Tovuz sərhədində hökm sürən sakitliyin, əmin-amanlığın və bütün Azərbaycanda yaşanan böyük Zəfər qürurunun arxasında fədakarlıq, igid oğullarımızın şücaəti və şəhidlərimizin əziz xatirəsi dayanır.

Qeyd edək ki, 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi intensiv atəşə tutub, daha sonra hücuma keçməyə cəhd göstəriblər. Azərbaycan Ordusunun həyata keçirdiyi operativ cavab tədbirləri nəticəsində düşmənin planı iflasa uğrayıb. Qarşı tərəf ciddi itkilər verərək geri çəkilməyə məcbur olub, mövqelərimizi ələ keçirmək cəhdləri qətiyyətlə puça çıxarılıb. Döyüşlər zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və daha beş hərbi qulluqçu qəhrəmancasına şəhid olub. Ermənistan ordusu isə canlı qüvvə baxımından çoxsaylı itkilərlə üzləşib./azertag/